Azərbaycan xalqının ən müasir tarixinin şanlı bayramlarından biri Zəfər Günüdür. 2020-ci ilin 27 sentyabrında başlanan və noyabrın 8-də böyük qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsində tarix yazan müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti rəhbərliyi sayəsində rəşadətli Azərbaycan ordusu təcavüzkar düşmən tapdağı altında qalan doğma torpaqlarımızı işğaldan azad edib.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə cəmi 23 saat aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.
Ötən müddət ərzində ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı.
Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu, Azərbaycan 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi.
Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.
Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.
Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsinə çevirdi.
Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi.
Prezident İlham Əliyev bu dövrü aydın şəkildə təsvir edir: “Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi.
2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
2020-ci il oktyabrın 4-dəki xalqa ikinci müraciətində Prezident İlham Əliyev düşmənə öz yerini göstərdi: “İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.
2020-ci il oktyabrın 17-də xalqa növbəti müraciətində Prezident İlham Əliyev raket hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin Ermənistanın dinc əhaliyə qarşı dövlət terrorizmi və vandalizminə müqavimət rəmzinə çevrildiyi mesajını verdi: “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.
2020-ci il oktyabrın 20-də xalqa beşinci müraciətində Azərbaycan Prezidenti əldə edilən nəticələrin düşünülmüş və vaxtında atılmış addımların bəhrəsi olduğunu, tələskənliyin yolverilməzliyini diqqətə çatdırdı: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik”.
2020-ci il oktyabrın 26-da xalqa altıncı müraciətində dövlət başçısı Azərbaycan xalqını həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
Əzimova Pərvanə, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun baş mütəxəssisi
Visiontv.az