Arzularımın pul kisəsi
11.09.2024

Dostlar, sizi bilmirəm, amma mənim uşaqlıqdan bir arzum olub... Həmişə içi dollarla dolu pul qabı, hətta çantası tapmaq, kasıblığın daşını birdəfəlik atmaq istəmişəm. İnanın Allaha, 5-ci onilliyi çoxdan yola vermişəm, amma indi də axtara-axtara gəzirəm. Bir dəfə gənclik illərimdə qarşıma çıxıb, yəqin ağzımda dadı qalıb... Danışım, siz də qulaq asın, həsəd aparın...

Deməli, 90-larda Moskvada dollarla dolu pul qabı tapmışdım. Səhv etmirəmsə, oktyabr ayı idi, gecə Bakıdan təyyarə ilə gəlmişdim. Səhər tezdən Moskvada qırmızı “İkarus”dan düşdüm. "Oktyabrsk" metrosunun yaxınlığında yeraltı keçiddən çıxanda arzularımın pul kisəsini tapdım. Qara dəridəndi, ağzına kimi dollarla dolu idi. Yaxınlıqda məndən və küçə süpürən qadından başqa kimsə yox idi. Pul kisəsini gödəkcəmin cibinə qoydum, metroya doğru addımladım. Mən bunu ömür boyu arzulamışdım, amma sevinməyə imkan tapmadım… Qara "layka" kurtkalı iki nəfər mənə yaxınlaşdı. Biri qoca balaca, o biri cavan hündür…

Dedilər biz səhər tezdən maşın bazarına gedirdik, pul itirmişik, sən tapmısan. Dedim “nə bilirsiz mən tapmışam”? Dedilər “küçə süpürən qadın səni göstərdi, pul kisəsi də qara dəridəndi, ağzına kimi dollarla dolu idi”. Sakitcə çıxarıb verdim. Cavan “dayan” dedi, yaxınlıqdakı skamyada oturduq. Qoca pulu saymağa başladı. Ləzzətlə sayırdı, hətta ağzını marçıldadırdı. Amma 4 minə çatanda dayandı, dedi “burda beş olmalı idi”… Dörd göz mənim dördgözümə dikildi… Cavan dedi “ya pulu ödəməlisən, ya da bizimlə milisə getməlisən”…

Nəhayət başa düşdüm - mən avam olsam da, axmaq deyiləm… Sakitcə cibimdən qırmızı rəngli vəsiqəmi çıxardım, özümü təqdim etdim. Dedim “mən jurnalistəm və sizin "eksperimentdə" iştirak etmək istəmirəm. Dollarım da yoxdur, milisə yox, lap istəyirsiz KQB-yə gedək”. O vaxtlar “qırmızı vəsiqə” hələ qüvvəsini itirməmişdi, işləyirdi. "Eksperiment" sözü qocaya xüsusi ləzzət elədi, hətta göz vurub gülümsədi… Sakitcə çıxıb getdilər...

Qalib ARİF

visiontv.az