Brüssel xüsusi tribunalın maliyyələşdirilməsi üçün ilk olaraq 10 milyon avro ayırıb. Gözlənilir ki, bu tribunal Rusiya rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə mühakimə edəcək. Bu barədə Kiyevə səfəri zamanı Aİ-nin diplomatik rəhbəri Kaja Kallas bəyan edib.
“Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutlar aydındır. Cəzasız qalan cinayətlər yeni vəhşilikləri təşviq edir”, – deyə Kallas X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, tribuna ayrılmış vəsait “təcavüz cinayətlərinə görə məsuliyyət daşıyanların ədalətdən yayınmamasını təmin edəcək”.
Avropa Şurası çərçivəsində “Təcavüz cinayətinə dair xüsusi tribunal”ın yaradıldığı barədə iyunun sonunda məlumat yayılıb. Bu cür tribunal çərçivəsində Vladimir Putinə qarşı istintaq aparmaq mümkün olsa da, onu, o cümlədən qiyabi qaydada belə, mühakimə etmək mümkün deyil. Səbəb – beynəlxalq hüquqa əsasən, dövlətin yüksək vəzifəli nümayəndələrinin toxunulmazlıq (immunitet) hüququna malik olmasıdır. Gözlənilir ki, Putinin məsuliyyətə cəlb olunması onun Rusiya prezidenti vəzifəsindən getməsindən sonra mümkün olacaq.
visiontv.az