“Azərbaycan dilini bilməyənlər iş tapa bilməyəcəklər!”
“Azərbaycan dilini bilməyənlər iş tapa bilməyəcəklər!”
27.08.2024 Bəybala Mirzəyev Tərəfindən

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin bu açıqlamasını görəndə, sözün düzü, öncə gözlərimə inanmaq istəmədim. Və xəbəri təkrar oxudum, çox sevindim.

Bəs, ilk oxuduğumda niyə inanmaq istəməmişdim? Çünki əksər məmurlarımızın ana dilimizə soyuq münasibətini zaman-zaman müşahidə etmişəm. Bəzi məmurlarımızın, ümumiyyətlə, ana dilimizdə heç danışa bilməmələri isə məndə həmişə dərin təəssüf hissi doğurub. Ancaq Məleykə Abbaszadənin bu açıqlaması isə dilimizə (Azərbaycan türkcəsinə) tam yeni, fərqli münasibətin mövcudluğunu ortaya qoyur.

Məleykə xanım bildirib ki, dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da dil səviyyəsini göstərəcək imtahanların təşkili gözlənilir.

Sitat:

“Artıq 6 ildir ki, ekspertlərimizlə birlikdə ölkədə Azərbaycan dili üzrə sertifkasiya imtahanı üzərində işləyirik. Birinci mərhələdə bu prosesin pilot layihə əsasında keçirilməsi nəzərdən keçirilir. İlkin etapda imtahanda iştirak edəcək 2 minə yaxın müxtəlif yaş və sosial kateqoriyada olan şəxslərin nəticələrinə baxaraq qoyulan tələblərlə real nəticələrin uyğunluğu müəyyənləşdirəcəyik. Həmin pilot nəticələr təhlil edildikdən sonra artıq biz real imtahanları keçirməyə başlayacayıq”.

DİM sədri açıqlamasında onu da vurğulayıb ki, imtahanı verən şəxslərin Azərbaycan dilini hansı səviyyədə bildiyini göstərən sənəd olacaq və digər normativ sənədlərdə də müvafiq sahəyə hansı dil səviyyəsi lazım olduğu göstəriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) bu addımını alqışlamaq lazımdır. Sözügedən imtahanların keçirilməsi bundan sonra hər kəsi ana dilimizə daha məsuliyyətlə yanaşmağa sövq edəcək.

Bir mətn şəkili ola bilər

P.S.

Qədim Çin filosofu Konfutsinin bir sözü yadıma düşdü. Qoca filosof deyirdi ki, adamları dövlət qulluğuna işə götürərkən, ilk növbədə onların ana dilində yaxşı yazıb-oxuya bilmələrinə diqqət yetirin...

Bəybala Mirzəyev

visiontv.az