"Azərbaycan riyaziyyatçıları" - professor Bəylər Ağayev
06.09.2024

Ağayev Bəylər Əbdülrəhim oğlu, riyaziyyatın tədrisi metodikası və riyaziyyat tarixi sahəsində tanınmış mütəxəssis, 1905-ci ildə Şuşa şəhərində sənətkar ailəsində anadan olmuş, ibtidai təhsilini 1915-1919-cu illərdə Şuşada rus-tatar məktəbində almışdır. Bəylər Ağayevə həmin məktəbdə dərs deyən Həmid Ağayevin (1885-1939) onun inkişafında mühüm rolu olmuşdur. Həmid Ağayev 1905-ci ildə İrəvan seminariyasını bitirmiş və ömrünün sonuna qədər müəllimlik etmişdir.

1920-ci ildə Şuşada müəllimlər seminariyası açılır və oranın ilk 33 tələbəsindən biri də Bəylər Ağayev olmuşdur. Onun inkişafında Qori Müəllimlər Seminariyasının məzunu, Şuşa Seminariyasının müdiri Məiş Hüseynovun (1897-1950) və hesab müəllimi Haşım bəy Nərimanbəyovun böyük rolu olmuşdur. 1925-ci ildə Şuşa Darülmüəllimini bitirdikdən sonra Cəbrayıl qəzası Qaryagin (indiki Füzuli) rayonunun Cuvarlı kəndində ibtidai sinif müəllimi işləyir, az sonra həmin rayonun II dərəcəli məktəbində müəllimlik fəaliyyətini davam etdirir.

Bəylər müəllim 1929-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olur və 1932-ci ildə həmin institutun fizika-riyaziyyat fakültəsini bitirir. Onu elə həmin il institutda saxlayırlar. APİ-də riyaziyyatın tədrisi metodikası, riyaziyyat tarixi, nəzəri hesab, ali cəbr və bəzi xüsusi kurslardan mühazirələr oxumuşdur. 1935-1936-cı illərdə Elmi Tədqiqat Pedaqoji İnstitutun baş elmi işçisi, 1938-1940-cı illərdə Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunda riyaziyyatın tədrisi sahəsində metodist vəzifəsində işləmişdir.

1946-cı ildə Bəylər Ağayevin təşəbbüsü ilə APİ-də riyaziyyatın tədrisi metodikası kafedrası yaradılır. O, 1950-ci ilə qədər həmin kafedraya rəhbərlik edir. Müəllimlik fəaliyyəti ilə yanaşı, 1938-1941-ci illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1946 və 1950-1951-ci illərdə APİ-nin direktor müavini və 1951-1954-cü illərdə həmin institutun direktoru olmuşdur.

1952-1954-cü illərdə Bəylər müəllim Bolqarıstan Xalq Respublikasına ezam olunmuş və orada kadr hazırlığı, metodiki işlərin təşkili və həyata keçirilməsində iştirak etmişdir. 1954-1957-ci illərdə yenidən APİ-yə qayıdıb müəllimlik fəaliyyətini davam etdirir. Bəylər Ağayev 1957-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Universitetinin həndəsə kafedrasında riyaziyyatın tədrisi metodikası, riyaziyyatın tarixi fənləri üzrə mühazirələr oxumuş, tələbələrin pedaqoji praktikasına rəhbərlik etmişdir. Bəylər müəllimi respublikamızda orta riyazi təhsil sahəsində baş mütəxəssis, baş məsləhətçi adlandırmaq olardı.

Bəylər müəllim 1932-ci ildə Ağaəli Qasımov və İsmayıl Zərgərli ilə birlikdə Azərbaycan məktəblərinin 3-cü və 4-cü sinifləri üçün hesab dərsliklərinin müəllifi olmuşdur.

Bəylər Ağayev 1949-cu ildə “7 illik məktəbdə cəbrin tədrisi” mövzusunda namizədlik, 1966-cı ildə “Azərbaycan sovet məktəbində riyaziyyatın tədrisi tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, ölkəmizdə riyaziyyatın tədrisi metodikası sahəsində ilk elmlər namizədi və ilk elmlər doktoru olmuş Azərbaycanlıdır.

Bəylər Ağayev orta məktəb şagirdləri, ali məktəb tələbələri və müəllimləri üçün “Riyaziyyat tədrisinin ümumi metodikası”, iki cildlik “Riyaziyyat məsələləri”, “Sovet Azərbaycanında riyaziyyat tədrisinin tarixi” dərsliklərinin müəllifi olmuş, 60-a yaxın məqalə çap etdirmiş, 15 ildən artıq məktəblilərin riyaziyyat olimpiadasının təşkilat komitəsinin üzvü olmuşdur.

Bəylər Ağayev 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.

professor Misir Mərdanov

visiontv.az