Cavadov Mais Həbib oğlu, diferensial tənliklər və öz-özünə qoşma olmayan diferensial operatorların nəzəriyyəsi sahəsində mütəxəssis, 22 mart 1929-cu ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur. 1937-ci ildə Basqal kəndinin orta məktəbinə daxil olub, 1947-ci ildə həmin məktəbi bitirmişdir. O, 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika və riyaziyyat fakültəsinə daxil olmuşdur, 1952-ci ildə həmin fakültəni bitirərək, riyaziyyatçı ixtisasına yiyələnmişdir.
Mais Cavadov 1958-ci ildə Azərbaycan Dövlət Universitetində akademik Zahid Xəlilovun rəhbərliyi ilə “Qarışıq məsələlərin həllinin ümumiləşmiş funksiyalar sinfində araşdırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Namizədlik dissertasiyasında diferensial tənliyin sağ tərəfi ümumiləşmiş funksiya olduqda istənilən iki tərtibli hiperbolik tipli tənlik üçün qoyulmuş qarışıq məsələnin varlığını və yeganəliyini isbat etmişdir.
Mais Cavadov namizədlik dissertasiyasını müdafiə etdikdən sonra daha ciddi elmi axtarışlar aparmaq məqsədi ilə Moskva Dövlət Universitetinə ezam olunur. Moskvada akademik Tixonovun rəhbərlik etdiyi kafedrada öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinin ciddi praktik əhəmiyyəti olan problemləri ilə məşğul olmağa başlayır. O, öz-özünə qoşma olmayan spektral məsələnin məxsusi funksiyalarının bir hissəsinin çoxqat tamlığını isbat edən ilk riyaziyyatçıdır. Onun bu sahədə aldığı nəticələr sonralar bir çox mexanika məsələlərinə uğurla tətbiq olunmuşdur. Mais müəllim 1966-cı ildə Moskva Dövlət Universitetində “Öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinin bir sıra məsələləri və onların riyazi fizika məsələlərinə tətbiqi haqqında” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
O, əmək fəaliyyətinə 1952-1954-cü illərdə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda kiçik elmi işçi kimi başlamış, 1954-1957-ci illər ərzində həmin institutda aspirant olmuş, 1959-1967-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, 1967-1968-ci illərdə həmin institutda “Tətbiqi riyaziyyat” şöbəsinə rəhbərlik etmişdir. 1969-cu ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləməyə başlamışdır. 11 mart 1970-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə Cavadov Mais “Ali cəbr və həndəsə” kafedrası, diferensial və inteqral tənliklər ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 1969-1992-ci illər ərzində APİ-nin “Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasının müdiri və professoru vəzifələrində çalışmışdır.
Cavadov Mais 4 elmlər namizədi hazırlayıb, 60-dan çox elmi məqalənin müəllifi olub.
Cavadov Mais Həbib oğlu 30 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Misir Mərdanaov
visiontv.az