Məmmədov Rəşid Həmid oğlu 27 dekabr 1931-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuş, 1938-1948-ci illərdə kənd orta məktəbində oxumuş, 1948-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur.
1952-ci ildə riyaziyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və aspirant kimi institutda saxlanılmışdır. 24 may 1954-cü ildə “Funksiyaların polinomlarla və tam funksiyalarla yaxınlaşmasının bəzi problemləri (01.01.01)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1953-1960-cı illərdə APİ-nin riyazi analiz kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1960-1963-cü illərdə Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 1963-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda əvvəlcə dosent, sonra isə professor vəzifəsində çalışmışdır.
1964-cü ildə 33 yaşında Leninqrad şəhərində “Некоторые вопросы приближения функций линейными операторами (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib vətənə qayıtmışdır. 1969-1995-ci illərdə fasiləsiz olaraq 26 il Azərbaycan Dövlət Neft Akademiyasının ali riyaziyyat kafedrasına rəhbərlik etmişdir. Rəşid Məmmədov riyaziyyatın funksiyalar nəzəriyyəsi sahəsində dünyada tanınmış alimdir.
Onun 43 dərsliyi və dərs vəsaiti, 5 monoqrafiyası çap olunmuşdur. Rəşid Məmmədov 2000-ci ildə 68 yaşında Bakı şəhərində vəfat etmişdir.
professor Misir Mərdanov
visiontv.az