COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb
14.11.2024

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb.

“APA-Economics” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, tədbirin ilk 3 günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 123 min sərnişin daşınıb.

Məlumata görə, nəqliyyat vasitələrinin düzgün idarə olunması ilə sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanından H1 ekspres marşrutu ilə “28 May” və H2 ekspres marşrutu ilə “Əhmədli” metro stansiyalarına rahat və təhlükəsiz şəkildə çatdırılıb. Qeyd edək ki, bu daşınmalar ödənişsiz həyata keçirilir.

Qeyd edilib ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Qurumun 550 əməkdaşı sərnişindaşıma əməliyyatında iştirak edib.

Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü isə 45 minə yaxın sərnişin şatllarla daşınıb. Növbəti günlərdə də sərnişin daşımalarının yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər davam etdiriləcək.

Visiontv.az