“Hər şey yavaş-yavaş çürüyürdü; təkcə bədənlər deyil, ümid də, sözlər də, dualar da...İnsanlar artıq danışmırdılar, çünki danışmaq hələ nəyinsə dəyişəcəyinə inanmaq deməkdi”. —Laslo Krasnahorkay
Ədəbiyyat üzrə Nobel mükafatı laureatını təxmin etmək ən çətin işlərdən biridir – sol təmayüllü komitə üzvlərinin kimə səs verəcəyini bilmək üçün gərək münəccim olasan.
Ancaq oxuduqlarımdan, bildiklərimdən yola çıxaraq bəzi təxminlərim var…
2025-ci il üçün mənim favoritim Laslo Krasnahorkay adlı 71 yaşlı macar yazıcıdır. Çünki bu dəfə Nobel mükafatını sərhədləri dağıdan, dilləri birləşdirən, insan şüurunun metafizik qatlarına enən bir yazara veriləcək, zənnimcə.
Ədəbiyyat təkcə yazılı mətn deyil, o, həm də bəşəriyyətin düşüncə laboratoriyasıdır. İndi bu laboratoriyada şüurun, dilin və yaddaşın sərhədlərini genişləndirənlər qalib gəlməlidir. Bu düşüncələrimə ən uyğun gələn də elə “apokaliptik düşüncənin estetik memarı” sayılan Laslo Krasnahorkaydir. “Krasnahorkay dünyanın xaos içindəki nizamındakı xaosu təsvir edir, cümlələri kainatın sonuna qədər uzanır”, – qulağa bir qədər fərqli gəlir, elə deyilmi?
Macar yazarın əsərləri Azərbaycan türkcəsinə çevrilibmi, bilmirəm. Amma Türkiyə türkcəsində onun “Şeytan Tangosu” (Satantango), “Direnişin Melankolisi” (The Melancholy of Resistance), “Seiobo Orada Aşağıda” (Seiobo There Below) kimi məşhur əsərləri tərcümə olunub (Həm də ChatGPT ilə deyil, Roza Hakmen kimi usta tərcüməçi tərəfindən)…
Krasnahorkay oxumaq xaosun içində nizamın hələ də nəfəs aldığını hiss etməkdir…
Bəli, favoritim Krasnahorkaydır.
İbrahim Nəbioğlu
visiontv.az