Anti-Azərbaycan mövqeyi ilə tanınan İranın “Tabnak” xəbər portalı qərəzli olaraq yazıb ki, “görünən odur ki, Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində yaranan geosiyasi proseslərdən, ABŞ administrasiyasındakı dəyişikliklərdən və Türkiyənin bölgədə qazandığı uğurlar qarşısında İranın geri çəkilməsindən istifadə edərək öz yanaşmasını yenidən nəzərdən keçirir”.
Saytın yazdığına görə, Təhrir əş-Şamın Suriyada hakimiyyətə gəlməsi Türkiyənin ambisiyalarının ərəb ölkələrindən kənara, xüsusilə də Cənubi Qafqaza doğru genişlənməsinə dair narahatlığı artırıb.
İddia edilib ki, Tehranın nöqteyi-nəzərindən əsas narahatlıq doğuran məsələ Azərbaycanın Türkiyənin dəstəyi ilə “mübahisəli” Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın cənubundakı Sünik əyalətinə qəfil hücum ehtimalıdır. Tehranın qəti şəkildə etiraz etdiyi bu tranzit layihəsi İran və Ermənistan arasında quru sərhədini kəsərək Azərbaycan ilə Naxçıvan, eləcə də Türkiyə arasında əlaqə yaradacaq. İranın Suriyadakı tərəfdaşlarına təchizat marşrutlarının təhlükə altında olduğu bir vaxtda Zəngəzur dəhlizinin yaradılması İslam Respublikasının Cənubi Qafqazdakı rolunu marginallaşdıra bilər.
Zəngəzur dəhlizi
Sayt yazır ki, Azərbaycanın Türkiyəyə birbaşa marşrut yaratmaq planı Ermənistan və İranla gərginliyə səbəb olub, çünki hər iki ölkə bu marşrutun onların quru sərhədini kəsəcəyinə inanır. Layihə Ankara ilə Tehran arasında da qarşıdurmaya yol açıb. Bildirilib ki, Zəngəzur dəhlizi gerçəkləşərsə, İranın Qafqazdan keçməklə Avropa və Rusiyaya uzanan tranzit marşrutları tamamilə Azərbaycanla Türkiyə arasındakı müttəfiqliyin xoş niyyətlərindən asılı olacaq.
İran mediası iddia edib ki, Zəngəzur dəhlizi ilə rəqabətdə Bakı və Tehran İran ərazisindən Naxçıvana qədər avtomobil və dəmir yolu çəkməyi planlaşdırır və bunun üçün “Araz dəhlizi” layihəsi irəli sürülüb...
visiontv.az