Fransada kimə və ya hara daş atırsan at gedib mütləq hansısa bir ermənipərəstə dəyir. Çünki Fransanın siyasi elitasında təmsil olunan fiqurlar arasında demək olar ki, ermənipərəst olmayan bir nəfər də belə yoxdur.
Şəkildə gördüyünüz bu şəxs də (Makronun srağa gün təyin etdiyi qoca baş nazir Mişel Barnye) qatı erməni simpatizanıdır. Bu adam bizim “qara siyahı”mızda olan fransız siyasətçilərindən biridir.
Bəs, necə olub ki, bu adam Azərbaycan XİN-in “arzuolunmaz şəxs”lər siyahısına düşüb?
Yadınızdadırsa, Mişel Barnye 2021-ci ilin dekabr ayında Fransa prezidentliyinə namizəd Valeri Pekresslə birlikdə gizli şəkildə Qarabağa səfər edərək erməni separatçılarla görüşlərdə iştirak etmiş, separatizmi dəstəkləmişdi.
M.Barnye Azərbaycana qarşı bəyanatlara, qətnamələrə imza atan şəxslərin sırasında yer alır. O, hətta ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsi təklifinə də qoşulub.
Bir sözlə, bu adam qatı anti-Azərbaycan, anti-türk, anti-islam mövqeyi ilə tanınır. Bu mənada Makronun belə bir yaramaz tipi baş nazir postuna təyin etməsi heç də təsadüfi deyil.
Elə Nikol Paşinyanın Mişel Barnyeyə Fransanın baş naziri təyin olunması münasibətilə dərhal təbrik məktubu göndərməsi və onu İrəvana səfərə dəvət etməsi də təsadüfi deyil. Paşinyan onu Ermənistanla Fransa arasında “xüsusi münasibətlərin inkişafı”nda mühüm rolu olan şəxs kimi dəyərləndirib.
Beləliklə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa dövlətinin iki əsas postu – prezident və baş nazir institutları bu gün dünya erməniçiliyinin girovluğundadır.
Bu isə o deməkdir ki, rəsmi Parisin düşmən mövqeyi ucbatından onsuz da gərgin vəziyyətdə olan Fransa-Azərbaycan münasibətlərinin 73 yaşlı Mişel Barnyenin hökuməti dönəmində daha da pisləşəcəyi gözləniləndir.
P.S.
Ancaq ümid edək ki, bu iki iblisin – Makron və Barnye “duet”inin hakimiyyətdəki ömrü çox da uzun çəkməyəcək. Çünki Fransanın solçu, liberal qüvvələri də, sağçıları da Makron iqtidarına qarşı mübarizənin tempini gün-gündən artırmaqdadırlar. Təsadüfi deyil ki, Makronun Barnyeni baş nazir təyin etməsi artıq Fransada kütləvi etiraz nümayişlərinin başlanmasına səbəb olub.
Bəybala Mirzəyev
visiontv.az