Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri və Xalq şairi Sabir Rüstəmxanlının son günlər özü və deputatlığa namizəd xanımı Tənzilə Rüstəmxanlı barədə sosial şəbəkələrdə yazılan aqressiv, təhqiramiz fikirlərə qarşı cavab açıqlamasını oxudum. Bu, bir qocaman siyasətçinin və xalq şairinin sanki üsyanı idi.
Daha sonra isə sosial şəbəkədə jurnalist və siyasi şərhçi Şöhrət El-Dənizin də bu mövzuda bir paylaşımına rast gəldim. Şöhrət bəy yazır:
“Nooldu, Tənzilə Rüstəmxanlı kimi millətçi, əqidəli, Türk dünyasına doğma bir qadını yad hesab edirsiniz, amma LGBT-"feminist"lər doğma olur sizə?
Yoxsa Sabir Rüstəmxanlı bu millətə yaddır? İllərdir, millətin kimliyi, Türk dünyası uğrunda mübarizə aparıb, əsərlər yazıb. Heç qanınızı soran məmurlara bu tavrı göstərmirsiniz.
Rusbaşlardan canımız qurtarmamış, indi də Makronbaşlı seksual azlıqların əlində giric qalmışıq”...
Şöhrət El-Dənizin bu paylaşımında həqiqətən də əsl vətəndaş yanğısı, milli təəssübkeşlik diqqəti cəlb edir. Lakin Tənzilə Rüstəmxanlının seçki kampaniyası ilə bağlı bəzi iradları qeyd etmək də vacibdir.
Mən Şöhrət bəyin paylaşımına yazdığım rəyimdə bildirdim ki, “əksər namizədlər kimi təəssüf ki, Tənzilə xanımın komandası da təbliğat-təşviqat kampaniyasının gedişində təşkilati və piar müstəvisində bəzi səhvlərə yol verdi. İndiki dövrün sensasiya "ovçu"ları da tanınmış şəxslərdə səhv tutmaq üçün məqam, girəvə axtarırlar. Ona görə də Tənzilə Rüstəmxanlının total linçlənməsi başlayıb”.
Həmin səhvlərdən bəzilərini diqqətinizə ərz edirəm:
- Birincisi, namizədliyin irəli sürülməsi üçün məkan seçimi yanlış idi. Tənzilə xanım öz namizədliyini həyat yoldaşı Sabir bəyin vaxtilə deputatı olduğu Neftçaladan yox, istənilən başqa bir məkandan irəli sürməliydi. Çünki bir ailədən iki nəfərin ard-arda eyni dairədən deputat olmaq istəyi istər-istəməz bəzi insanlarımızda qıcıq doğurdu.
- İkinci səhv Tənzilə xanımın yarı Azərbaycan türkcəsi, yarı Türkiyə türkcəsinin qarışımından ibarət səsləndirdiyi fikirlərin sosial şəbəkədə tirajlanması idi. Bu, tamamilə əks effekt verdi. Misal üçün, “Önümə dikilən qanqallara görə Neftçaladan vaz keçərmiyim?” tipli ifadələri işlətmək lazım deyildi. Bu cür ifadələr ötən əsrin 90-cı illərinin əvvəllərində insanlarımız tərəfindən heyranlıqla qarşılanırdı. Çünki həmin vaxt 70 illik sovet rejiminin buxovundan qopmuş və yenidən qardaş Türkiyə ilə yaxınlaşmaq şansı əldə etmiş Azərbaycanda Anadolu türkcəsindən alınma sözlərin sıx-sıx istifadə edilməsi haradasa bir dəbə, trendə çevrilmişdi. Ancaq bu gün isə əfsuslar olsun ki, cəmiyyətimizdə rus və ingilis dilinə heyranlıq önə keçib. Rusdilli və ingilisdilli “milli elita”mızda isə türklüyə, türk dilinə və Türkiyəyə qarşı gizli-açıq nifrət var. Və bu tendensiya bu gün hətta seçki kampaniyasında da özünü göstərir. Özünü həddindən artıq irəli getmiş, üstün və ağıllı sayan bəzi “modernist”lərimiz nitqində Türkiyə türkcəsindən kəlimələr istifadə edən şəxslərə yeri gəldi-gəlmədi şəbədə qoşur, lağ edirlər.
- Üçüncü səhv isə namizədlə görüşlərdən birinə hansısa bir jurnalistin buraxılmamasıdır. İndiki jurnalistlərin də bəzilərinə məhz elə bu cür yasaqlamalar, məhdudlaşdırıcı davranışlar lazımdır ki, bundan “sensasiya” düzəltmək, bir namizədi başqa bir namizədin xeyrinə məqsədyönlü şəkildə “qaralamaq” fürsəti əldə eləsin.
Təbliğat-təşviqat kampaniyasının gedişində yol verilən bu cür texniki, taktiki, təşkilati səhvlərin sayını, əlbəttə, artırmaq da olar. Və bu səhvlər təkcə bir namizədin yox, deputatlığa namizədlərin bir çoxunun kampaniyalarında müşahidə olunur.
Bu da ondan irəli gəlir ki, əksər namizədlərin seçki qərargahlarında peşəkar polittexnoloqlar, imicmeykerlər, məsləhətçilər, piarçılar, spiçrayterlər yoxdur. Məsələn, Tənzilə xanımın seçki təşviqat komandasında, heç olmasa, bircə nəfər təcrübəli spiçrayter olsaydı, həmin şəxs Tənzilə xanımın çıxışlarını, nitqlərini tamam başqa səpkidə (və yerli spesifikaya uyğun tərzdə) hazırlayardı.
Lakin çox təəssüflər olsun ki, bizim əksər siyasətçilərimiz kimi deputatlığa namizədlərimiz də, nədənsə, spiçrayterlərin, polittexnoloqların, seçki menecerlərinin dəstəyinə lüzum görmürlər. Nəticədə isə xoşagəlməz hallar yaşanır, acınacaqlı durumlar ortaya çıxır...
Bəybala Mirzəyev
visiontv.az