Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir
Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir
06.08.2024 Vüqar Bayramov Tərəfindən

Neftin dünya bazar qiymətində azalma davam edir. Brent markalı neft 2024-cü ildə ən aşağı qiymətə təklif olunur. Hazırda 1 barel neftin qiyməti 76 dollardır. Tələbin azalması neft bazarına birbaşa təsir göstərərək volatilliyi artırıb. Digər tərəfdən, bu il ABŞ-da quyuların sayının azalmasına baxmayaraq neft hasilatında artımlar müşahidə edilir. Hazırda Birləşmiş Ştatlarda gündəlik neft hasilatı 13.3 milyon bareldən çoxdur.

Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından əhəmiyyətlidir.

2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmələrdən sonra əsas maliyyə sənədində neftin qiyməti 60 dollardan 75 dollaradək artırıldı. Hazırda dünya bazarında neftin qiyməti büdcədəki qiymətdən cüzi artıqdır. Doğrudur, 2024-cü ilin geridə qalan ayları üzrə neftin orta qiymətini nəzərə aldıqda mövcud bazar tarazlığı fiskal gəlirlərimiz üçün risk formalaşdırmır. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi eləcə də tədiyyə balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq.

Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında da bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Millət vəkili Vüqar Bayramov

visiontv.az