Bu günlərdə eşitdim ki, müqtədir xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi əsasında tarixi janrda quruluş verilmiş “Tağıyev” çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb. Deyilənlərə görə, bu film Tağıyevin həyatı və fəaliyyətinə dair real məqamlar əsasında çəkilib.
Sözün düzü, bu xəbər məni çox sevindirdi. Çünki Türkiyə, Qazaxıstan və Özbəkistandan fərqli olaraq bizim tarixi filmlər sahəsinə bu qədər biganə yanaşmağımızla heç cürə barışa bilmirdim. Və budur, nəhayət ki, “tilsim” qırıldı, biz də tarixi filmlər çəkməyə başladıq.
Bu film üçün mövzu olaraq niyə məhz Hacı Zeynalabdinin həyat və fəaliyyətinə önəm verilməsinin səbəbini bilmirəm. İslamdan öncəki və sonrakı tarixi hadisələrdən də, Sacilər və Atabəylərdən də, Səlcuqlular və Elxanlılardan (Hülakülər) da, Cəlairlərdən də, Qaraqoyunlular hakimiyyətinin əsasını qoymuş Qara Məhəmməddən və ya Ağqoyunluların müdrik lideri Uzun Həsəndən də, Şah İsmayıl Xətaidən və Nadir şah Əfşardan da başlamaq olardı.
Zatən keşməkeşli və şərəfli keçmişimiz onlarla, hətta yüzlərlə tarixi filmlərə bəs edəcək qədər hadisələrlə, mövzularla zəngindir. Ancaq “Tağıyev” filminin yaradıcı heyəti müstəqillik dövrümüzün ilk ən böyük tarixi filmi üçün mövzu olaraq adından göründüyü kimi məşhur neft milyonçusu və messenat Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsini önəmsəyib.
Olsun. Mərhum Hacının həyat və fəaliyyət illəri də tariximizin ən maraqlı və dramatik dövrlərindən birinə təsadüf edir. Və ümumiyyətlə, Hacı Zeynalabdin Tağıyevin özü artıq milli dəyərlərimizdən birinə çevrilib. Ona görə də günümüzdə tarixi filmlərin çəkilməsi prosesinə bu azman şəxsiyyətin həyat hekayəsi ilə başlamağın özü də uğurlu başlanğıc sayıla bilər.
Mən “Tağıyev” filminin keyfiyyəti barədə öncədən heçnə deyə bilmərəm. Çünki hələ ki bu filmin nə özünü, nədəki treylerini, anonsunu izləmək imkanım olmayıb. Amma ümid edirəm ki, film yetərincə uğurlu alınıb. Çünki filmin çəkilişlərinə kifayət qədər peşəkar aktyorlar cəlb olunub.
Beləliklə, “Tağıyev”in tezliklə kinoteatrlarda nümayişi gözlənilir. İnşAllah izləyərik.
P.S.
Bu yaxınlarda “Tariximizi təhrif edənlərə TARİX DƏRSİ keçməyimiz üçün nə etməliyik?” mövzusunda yazdığım yazıya verilən çoxsaylı reaksiyalardan da bir daha əmin oldum ki, insanlarımızda tariximizdən bəhs edən filmlərə həqiqətən də dərin maraq var. Qeyri-ciddi mövzulara xüsusi həvəs göstərən və mənasız melodramlarla baş qatan rejissorlarımız, ssenaristlərimiz, prodüserlərimiz bu önəmli məqamı nəzərdən qaçırmamalıdırlar.
Həmin yazını bu keçid üzərindən oxuya bilərsiniz:
https://visiontv.az/.../qonsulari-asib-kesmek-lazim-deyil...
Bəybala Mirzəyev
visiontv.az