Onun adı Dıqır deyildi, çox arıq olduğuna görə atası “dılqır” deyirdi. İndi atası 2 ildir ki, yoxdur, amma hamı “Dıqır” çağırır. Bir anası, bir də nənəsi “Tərlanım” deyir. Anası atasına da “Aslanım” deyərdi...
Zabrat qəsəbəsi, “Ayxan” marketin həndəvəri. Yerdən ikiotaqlı darısqal mənzildir, qabaq otağı həm də mətbəxdir. 3 baş ailə burda qışda soyuqdan büzüşür, yayda istidən bişirlər. Allahın suyu da həftədə bir dəfə gəlir. Həyətin ancaq quru adı var, bir ayaqyolu güclə yerləşir. Ayaqyolu ilə evin arasında turnik, altında iki nəfərlik oturacaq da var, atası düzəltmişdi. Səhərlər tezdən durur, bu turnikdə məşq edirdi, sonra iş dalınca "Qul bazarı"na gedirdi. Axşamlar vaxtı olanda, bir az vuranda bu oturacaqda oturmağı, “dumkada” qalmağı sevirdi. Özü belə deyirdi...
2 il bundan əvvəl ermənilərlə müharibə başladı və atası gedib müharibəyə yazıldı. Anası ağladı: “Bizə kim baxacaq?”, nənəsi harayladı: “Balan yetim qalacaq!”, amma atası baxmadı, “Vətən dardadır!” deyə bağırdı. Səhər tezdən durdu, amma idman etmədi, “Dılqır”ı bağrına basdı, anasını, nənəsini qucaqladı, çörəyini yedi, getdi... Bir aydan sonra onu “vayenni”lər və qalstuklu kişilər gətidilər. Amma Dıqır atasını görmədi, taxta yeşiyin içində idi. Sonra atasının böyük, qara çərçivəli şəklini onun əlinə verdilər, həyətdən aralı dayanan yük maşınına kimi getdilər. Çoxlu, lap çoxlu adam vardı, hətta müəllimlər, qonşular, qohumlar da vardı. Amma çoxunu Dıqır tanımırdı...
Bütün bunlar 2 il bundan əvvəl olmuşdu, indi Dıqırın 12 yaşı vardı. Amma məktəbə getmirdi. Doğrudur, atasının sağlığında gedirdi, amma sonra getmək istəmədi. Məktəbdə müəllimlər hər gün pul istəyirdi, gah “fondpulu”, gah da “forma pulu” yığırdılar, gah da direktorun, sinif rəhbərinin “ad günü” olurdu. Qəribədir, Dıqırın da, anasının da, hətta atasının da (xatırlayırdı...) ad günü ildə bir dəfə olurdu, amma məktəbin direktoru hər ay anadan olurdu. Həm də Dıqırın məktəb forması almağa pulu olmurdu, üst-başı pis gündə, yamaq içində olurdu. Qızlar ona “çuşka” deyirdilər, yanında oturmaq istəmirdilər, onu yandıran, məktəbdən saxlayan da bu, idi. Amma oğlanlar ondan çəkinirdilər, arıq olsa da qayış kimi idi. Atasının turnikində 30-40 dəfə çəkilə, 70-80 dəfə yerdə “jim” edə blirdi.
Dıqır səhər tezdən dururdu, əvvəl atası kimi turnikdə çəkilirdi, sonra şirinçayını içirdi. Hələ atasının aldığı köhnə cins şalvarını, dirsəkləri yamaqlı kurtkasını əyninə keçirirdi, özünü “Ayxan” marketin yanına verirdi. Bura maşınlı, pullu dayılar, gombul, şubalı xalalar gəlirdi. O, maşınla gələnlərə fikir vermirdi, onunki tək gələn, marketdə əli dolu çıxan gombul xalalar idi. Görən kimi üstlərinə cumurdu, “xala kömək eləyim” deyirdi. Bir-iki saata 2-3 manatını qazanırdı, bundan sonra adam da azalırdı. O da anasının işinə, çörək yeməyə gedirdi...
Atasının sağlığında anası işləmirdi. Atası yaxşı usta idi, qışda kombi, yayda kondisioner düzəldirdi, evə çörək gətirirdi. Pis dolanmırdılar, Dıqır hətta məktəbə gedirdi. Sonra atası “44 günlük” müharibədə şəhid getdi və evin çörəyi kəsildi. Nənəsi “qocalıq pulu”, anası “şəhid pulu” alırdı, amma bahaçılıqdı, pul çatmırdı. Kirayə pulu, işıq pulu, olmayan qazın və gəlməyən suyun pulu… Doğrudur, atasını evə gətirən qalstuklu kişilər də kömək etmişdilər, anasını yaxınlıqdakı “JEK”ə xadimə düzəltmişdilər. Anası da hər səhər həyəti süpürürdü, sonra da “JEK” müdirinin evinə gedirdi, yır-ıyığış edirddi. Bu zaman ev yiyələri işə gedirdi və Dıqır özünü anasının yanına vetirirdi. Anası onu görəndə sevinirdi, “Tərlanım” deyirdi. Tez-tələsik mətbəxdə əyləşdirirdi, qabaqdan qalanları ona verirdi...
Dıqır ləzzətlə yeyir, hətta təəccüb edir. “Adam da hər gün yağ, bal yeyə bilər?! Axı, adam hər gün bu qədər şirin yesə, ölər…”. Anası sevinir, onu da sevindirmək, heyrətləndirmək istəyir. “Bizim müdirin 15, arvadının 30 dəst qostumu var” deyir. Dıqır inana bilmir - "bir adam 15 qostumu necə geyinir?", amma baxmaq istəyir. Anası onu ev sahiblərinin yataq otağına aparır. Burda iki paltar şkafı var, anası müdirin şkafını açır. Dıqır qostumları sayır, bir də sayır, 14 edir. Anası deyir, birini də müdir geyib, səhər işə gedib. Sonra əlavə edir ki, sən bax, amma əl vurma, mən gedim, mətbəxdə yır-yığış edim...
Dıqır 14 qostumla tək qalır, baxır, baxır... Son vaxtlar “Ayxandan”dan çıxan xalalar ona baxmırlar, üst-başı tökülür deyə, qorxurlar. Burda isə, 14 qostum yatır, hər biri də ona baxır. Boz rəngdə olan qostum elə bil ki, onu çağırır. Dıqır özü qara, qıvrımsaç oğlandır, qostum isə açıqdır, qaraya yaraşıqdır. Qostumu asılqandan çıxarır, əyninə taxır. Bir az böyükdür, amma babatdır. Şalvarına da baxır, beli boynuna kimi çatır. Tez anasının yanına qaçır. Anası əvvəl hirslənir, sonra oğlunu sevindirmək istəyir. Həm də Dıqır deyir ki, adamın 15 qostumu olanda, heç sayını bilmir. Şalvarın ciblərini qayçı ilə kəsirlər, Dıqır burdan qollarını çıxarır. Belini də lentlə sıxıb boğazına bağlayır, əsl modnu “qambinzon” alınır. Sonra pencəyi geyir və “Ayxan” marketin yanına, iş dalınca yollanır. Bu qostumda məktəbə də getmək olar, qızlar ona “çuşka” deməzlər...
Qalib ARİF
visiontv.az