Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Middle East” (Putinin Cənubi Qafqazda gizli oyunu.
Azərbaycanın yüksəlişi, Gürcüstanın sürüşməsi və Rusiyanın İran və Yaxın Şərqə qapı axtarışı) adlı məqalə Qərbin Cənubi Qafqazdakı maraqlarının müdafiəsinə həsr olunub. Bu yanaşma az qala hər abzasda açıq şəkildə gözə girir.
Ənənəsinə sadiq qalaraq Azərbaycan Prezidentini avtoritar prezident kimi təsnif edən Tomas de Vaal Rusiya sülhməramlı kontingentinin Qarabağdan vaxtından əvvəl çıxmasını belə şərh edir:
“Xəzər dənizində Rusiya ilə həmsərhəd ölkə olan Azərbaycan əhəmiyyətli neft və qaz ehtiyatlarına, eyni zamanda güclü orduya malikdir. Azərbaycan həm Rusiya, həm də Qərblə mənfəətli əlaqələr qurub və gücə istinad edən oyunçu kimi meydana çıxıb”.
“Ermənistan və Gürcüstan isə özlərinə məxsus tektonik sürüşmələr yaşayır”,- deyən müəllif buyurur ki, Azərbaycanın Dağlıq Qarabağı ələ keçirməsindən sonrakı aylar ərzində Rusiyanın ənənəvi müttəfiqi olan Ermənistan Qərbə doğru getdikcə daha inadla yüyürür. Gürcüstanda iqtidar partiyası bu ölkənin Avropa və ABŞ ilə otuz illik sıx münasibətlərini pozur və görünür, avtoritar qonşularını təqlid etmək niyyətindədir. May ayında Gürcüstan parlamenti qeyri-hökumət təşkilatları üzərində “xarici təsir”ə qarşı mübarizə üçün mübahisəli qanun qəbul etdi – bu qanun Rusiya qanunvericiliyindən ilham alır və Moskvaya onun cənub sərhədində etibarlı tərəfdaşı olduğuna dair siqnal verir.
Məqalədə deyilir ki, Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün uzun müddət etnik münaqişələrdən istifadə edib. Lakin Ukraynadakı müharibə və Qərbin sanksiyalar rejimi bu vəziyyəti dəyişdi. Azərbaycandan qoşunları çıxarmaq qərarına gəlməklə, Kreml etiraf edir ki, Cənubi Qafqazda iqtisadi təhlükəsizliyin təmini- ən azı, indiki mərhələdə - sərt müdaxilədən daha məqbuldur. Rusiyanın cənubda biznes tərəfdaşlarına və sanksiyaları neytrallaşdıra biləcək ticarət yollarına çox ehtiyacı var. Rusiya Qərb tərəfindən getdikcə daha çox sıxışdırıldığı bir vaxtda Cənubi Qafqaza İrana arzu edilən quru yollar üzərindən yeni qapı açılması imkanı kimi baxır.
Təhlil yazısında belə etiraflar da var: “Üç Cənubi Qafqaz ölkəsi arasında ən böyük və ən varlı olan Azərbaycan Rusiyanın xarici siyasətindəki dəyişiklikdən ən çox qazanc əldə edib. O, Şərq-Qərb enerji siyasətində yer alır, Gürcüstan və onun yaxın müttəfiqi Türkiyə üzərindən iki boru kəməri ilə daşınan neft və qazı Avropa və beynəlxalq bazarlara çatdırır. İranla həmsərhədi olan Azərbaycan həm də Moskva ilə Yaxın Şərq arasında şimal-cənub qapısı rolunu oynayır”...
Müəllif Vladimir Putinlə İlham Əliyevin şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu bildirir. Xatırladır ki, çar Rusiyası və Sovet dönəmində ruslar slavyan xalqlarından sonra ermənilərə üstünlük verirdilər. Erməniləri irəli çəkirdilər. Müsəlman Azərbaycana qarşı isə imperiya siyasəti yeridilirdi. Belə ki, azərbaycanlıların soy adının sonluğu ruslaşdırılmışdı, Azərbaycan əlifbası da kiril əlifbasına keçirilmişdi. Hətta Sovet İttifaqının son dönəmlərində Mixail Qorbaçov Bakıya qoşun yeridərək yerli əhaliyə divan tutdu...
Təhlildə deyilir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb hökumətləri və şirkətləri Rusiyadan yan keçməklə Qərbi Çin və Mərkəzi Asiyadan Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropaya yük daşıyan “Orta Dəhliz” adlanan marşrutu təkmilləşdirməyə çalışırlar. Rusiya isə öz növbəsində həm Gürcüstan, həm də Azərbaycan üzərindən Yaxın Şərq və Hindistanla öz əlaqələrini genişləndirməyə can atır. Belə bir fonda: “Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək və bloklara qoşulmamaq statusu sayəsində hər iki tərəflə oynayır. Azərbaycan Orta Dəhlizdə yerləşən mərkəzi ölkədir. 2022-ci ildə Avropa Komissiyası ilə razılaşmadan sonra Azərbaycan Avropa İttifaqına qaz ixracını artırıb. Azərbaycan həm də Rusiyanın enerji ixracatçıları ilə ticarət etmək üçün ideal mövqedədir. Oksford Enerji Tədqiqatları İnstitutu mart ayında açıqladığı hesabatda təklif edirdi ki, Azərbaycan yaxın müttəfiqi Türkiyə ilə əməkdaşlıq edərək Rusiya qazının xarici bazarlara sanksiya olmadan çıxması üçün qovşaq yaratmağa kömək edə bilər. Azərbaycan həm də Rusiyaya İranla daha güclü əlaqələr qurmağa şərait yaratmaq imkanındadır”...
“Rusiyanın Cənubi Qafqazda dəyişən ambisiyalarının əsas hissəsi İrana quru nəqliyyat marşrutlarının yenidən qurulmasıdır. Ən cəlbedici marşrut Azərbaycanın Zəngəzur dəhlizi adlandırdığı, Ermənistanın cənubundan keçən və Azərbaycanı həm İran, həm də Türkiyə ilə həmsərhəd olan Azərbaycan eksklavı olan Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yolu xəttidir. Bu marşrutu yenidən açmaqla Moskva Ukraynada döyüşən Rusiya qüvvələrinin mühüm silah tədarükçüsünə çevrilmiş Tehranla birbaşa dəmir yolu əlaqəsinə malik olacaq”, Tomas de Vaal belə yazır. Öz tərəfimizdən isə onu əlavə edək ki, bu, həm də Rusiyanın dəmir və avtomobil yolu ilə Türkiyə ilə əlaqə yaratmasını təmin edərdi.
Zəngəzur dəhlizi ilə bağlı o da qeyd olunur ki, Azərbaycan və Ermənistan bu yolun açılması ilə bağlı ortaq məxrəcə gələ bilmir. Rusiya isə bu dəhlizə nəzarət etməkdə qərarlıdır: “Əgər belə bir plan həyata keçsə, bu, Ermənistanın cənub sərhədinin Azərbaycan-Rusiya tərəfindən koordinasiyalı şəkildə ələ keçirilməsinə bərabər olacaq – bu, həm Ermənistan, həm də Qərb üçün qorxulu yuxu kimi bir şey olardı. Ermənilər strateji əhəmiyyətli sərhəd bölgəsinə nəzarəti itirəcəkdilər. Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri Rusiyanın İranla quru yolu və dəmir yolu əlaqəsi yaratmaq yolunda irəliyə doğru böyük bir addım atacağını görəcəklər. Üstəlik, Ermənistanın təkbaşına Rusiya və Azərbaycanın birgə fəaliyyətinə mane olmaq gücü yoxdur”...
Müəllif yazır ki, Cənubi Qafqaz uğrunda mübarizə aparan İran, Türkiyə və Rusiya arasında müəyyən ziddiyyətlər var. Ancaq onların üçü də Qərbi bu bölgəyə buraxmamaq üçün əlindən gələni edir. Azərbaycan da bu məsələdə onlarla həmfikirdir. Ona görə də bu ölkələr Qərbin Ermənistana bu və ya digər müdaxiləsinə kəskin etiraz edirlər. Məqalədə Ermənistanın Rusiyadan asılılığı da vurğulanır: “Ermənistan böyük ölçüdə Rusiyanın enerjisindən və Rusiya ilə ticarətindən asılıdır: Moskva Ermənistanın idxal etdiyi qazının 85 faizini, buğdanın isə 90 faizini təmin edir. Ermənistanın elektrik enerjisinin üçdə birini təmin edən yeganə atom elektrik stansiyasının bütün yanacağı da Rusiyadan idxal edilir. Ermənistan iqtisadiyyatı Rusiya bazarına köklənib. Bu əlaqələr Moskvaya böyük iqtisadi təsir rıçaqları verir. Rusiya enerji qiymətlərini kəskin şəkildə qaldırmaqla və ya rəsmi İrəvanla ticarətini məhdudlaşdırmaqla Ermənistanı öz iradəsinə tabe etməyə çalışa bilər”...
Bəs, Ermənistandakı daxili siyasi vəziyyət necədir? Müəllif qeyd edir ki, Nikol Paşinyana qədər hər şey öz axarında gedirdi. Ancaq onun gəlişindən sonra Ermənistan-rusiya münasibətləri ciddi şəkildə transformasiyaya uğradı: “Bu arada Ermənistan rəsmiləri və ekspertləri ölkənin suverenliyinə birbaşa hərbi təhdidlərdən ehtiyat edirlər. Belə təhdidlərdən biri odur ki, Azərbaycan Rusiya ilə koordinasiyada Zəngəzur dəhlizinə nəzarəti güc yolu ilə, əgər istəsə, bir neçə saat ərzində ələ keçirə biləcək hərbi potensiala malikdir. Digər təhdid isə odur ki, Ermənistanda xaricdən dəstək alan daxili müxalif qüvvələr zorakılıq yolu ilə Paşinyan hökumətini devirməyə cəhd edə və bu yolla rusiyayönümlü qüvvələri iqtidara gətirə bilər”.
Sözü gedən məqalədə belə bir maraqlı məqam da var. Müəllif iddia edir ki, Rusiya Gürcüstanla anlaşa bilər. Yəni Rusiya müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytara bilər. Təbii ki, Gürcüstanın Rusiyanın əhatə dairəsinə qayıtması şərti ilə. Əlbəttə, Rusiya öz maraqları naminə Cənubi Osetiyanı da, Abxaziyanı da qurban verə bilər. Ancaq zəifləyib əldən düşmüş Rusiyanın indiki vəziyyətdə belə bir addım atması ehtimalı “yox” səviyyəsindədir...
Məqalənin sonunda deyilir ki, Cənubi Qafqazda baş verən son tektonik dəyişikliklər bu bölgəni Qərbdən uzaqlaşdırıb Rusiyaya meylləndirə bilər.
Qeyd edim ki, Tomas de Vaalın toxunduğu bir sıra mətləblər haqqında Azərbaycan politoloqları da dəfələrlə söhbət açıblar. Fərq ondadır ki, Tomas de Vaal məsələyə Qərbin maraqlarının müdafiəsi kontekstində yanaşır, Azərbaycan politoloqları isə əsasən dövlətimizin maraqlarını önə çəkərək siyasi prosesləri təhlil edirlər. İstənilən halda qarşı tərəfin fikrini bilməkdə də fayda var. Ancaq Tomas de Vaal da II Qarabağ Müharibəsindən sonra Azərbaycanın əldə etdiyi uğurları etiraf edir. Əslində bunu Azərbaycanın əldə etdiyi uğurların Qərb tərəfindən etirafı kimi də dəyərləndirmək olar.
Elbəyi Həsənli
visiontv.az