Avropa mümkün böyük müharibəyə hazırlaşmağa başlayıb
09.10.2025

NATO bildirir ki, Rusiya alyansa qarşı hibrid müharibə aparır və əsl müharibəyə hazırlaşır. NATO ölkələrinin hava sərhədlərinin pozulması ilə bağlı bildirilən və sübut olunan insidentlərin sayının artması Avropada gərginliyin sürətlə yüksəlməsinə və Rusiyanın uzunmüddətli niyyətləri ilə bağlı narahatlığa səbəb olub. Qərb ekspertləri qeyd edirlər ki, Rusiya iqtisadiyyatı getdikcə daha çox müharibə ehtiyaclarına uyğunlaşdırılır və bu, Rusiyanın hərbi potensialının ümumi artımına səbəb olur. Bununla belə, qoşunların yerini dəyişmək kimi işğala hazırlığın açıq əlamətləri müşahidə olunmur.

1. Niyə Qərbdə hesab edirlər ki, Rusiya NATO-ya hücum edə bilər?

Rusiya ilə Qərb arasındakı münasibətlər 2014-cü ildə kəskin şəkildə pisləşdi. Həmin il Rusiya Ukraynaya məxsus Krım yarımadasını ilhaq etdi və daha sonra Donbasda hibrid müharibədə iştirak etdi.

2017-ci ildə Belarusda keçirilən ilk "Qərb" təlimləri Baltik ölkələri və Polşa tərəfindən işğala hazırlıq kimi qəbul edildi. Bu işğal nə həmin il, nə də 2021-ci ildə oxşar təlimlər zamanı baş vermədi.

Lakin 2022-ci ilin fevralında Belarusda keçirilən "Müttəfiq Qətiyyət" təlimləri Ukraynaya qarşı real genişmiqyaslı işğalın başlanğıcı oldu.

Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra NATO-ya iki yeni ölkə – Finlandiya və İsveç qoşuldu. Onlar neytral statusun artıq təhlükəsizliklərini təmin edə bilmədiyini bəyan etdilər.

Bu addım alyansın say baxımından gücünü çox artırmasa da, Rusiyanın sərhədləri yaxınlığında NATO infrastrukturu – aerodromlar, limanlar, hərbi bazalar – genişləndi.

"Qala mühasirəsində" yaşamaq hissi ilə yaşayan Rusiya rəhbərliyi alyansın genişlənməsini həmişə son dərəcə mənfi qarşılayıb.

Ukraynanın NATO-ya üzv olma ehtimalı belə, bu ölkəyə qarşı genişmiqyaslı işğalın elan edilmiş səbəblərindən biri idi.

2. Niyə Baltik ölkələri Qərbin təsəvvüründə mümkün döyüş teatrı kimi görünür?

NATO ölkələrinin xəritəsi

Rusiya NATO ölkələri ilə üç regionda sərhəddədir: Uzaq Şərq, burada ABŞ ilə dəniz sərhədi var; Qara dəniz, burada Türkiyə, Rumıniya və Bolqarıstanın çıxışı var; Baltik dənizi regionu, burada Rusiya Estoniya, Latviya, Litva və Polşa ilə - Kalininqrad vilayəti vasitəsilə, - həmçinin Finlandiya və Norveçlə quru sərhədlərinə malikdir.

ABŞ ilə müharibə ehtimalı son dərəcə aşağıdır, çünki iki ölkənin nüvə potensialı nəzərə alınarsa, belə bir münaqişə bütün bəşəriyyətin məhvinə səbəb ola bilər.

Qara dənizdə qarşıdurma da çox ehtimal olunmur: birincisi, regiondakı NATO ölkələrinə qarşı tarixi iddiaların olmaması, ikincisi isə Rusiyanın Qara dəniz donanmasının zəifliyi səbəbindən.

Bu donanma alyans ölkələrinin birgə dəniz qüvvələrinin döyüş gücünə uduzur.

Bundan əlavə, hazırda Rusiya Qara dəniz donanması Ukraynanın pilotsuz katerlərlə endirdiyi zərbələrin təsiri altında əsas qüvvələrinin böyük hissəsini ilhaq olunmuş Sevastopoldan çıxarıb və onları Rusiyanın Novorosiyadakı hərbi bazasında gizlədib.

Rusiya Silahlı Qüvvələri ənənəvi olaraq quru müharibəsində özlərini daha inamlı hiss edirlər və dəniz qarşıdurması onlar üçün daha az üstünlük təşkil edir.

Eyni zamanda, Baltik ölkələri coğrafi baxımdan müdafiə üçün çox əlverişli deyil. Onlar qalan Avropadan 60 kilometrlik "Suvalki dəhlizi" ilə ayrılırlar: bu, Belarusdan Rusiyanın Kalininqrad vilayətinə qədər uzanan Polşa-Litva sərhədidir.

Baltik ölkələrinin bütün quru təchizatı bu dəhlizdən keçir və əgər bu dəhliz kəsilərsə, Litva, Latviya və Estoniyanı yalnız dəniz və ya hava yolu ilə təmin etmək mümkün olacaq.

Bununla belə, Rusiya və ya Belarusla sərhədin digər hissələri də risk zonası hesab olunur və Litva, Latviya və Estoniya mümkün işğala qarşı bütün sərhəd boyunca hazırlıq görürlər. Ümumilikdə, bu regionda NATO qüvvələrinin vəzifəsi Rusiyanın işğalı halında əsas qitə qüvvələri gələnə qədər müqavimət göstərməkdir.

3. Avropada artıq hibrid müharibə aparılırmı və NATO-ya üzv Avropa ölkələri buna nə dərəcədə hazırdır?

Hibrid müharibə bir ölkənin digərinə qarşı sülh dövründə apardığı düşmən hərəkətləridir. Bu hərəkətlər adətən açıq şəkildə hərbi olmur, daha çox gizli şəkildə həyata keçirilir. Məsələn, diversiyalar, haker hücumları, hava məkanının pozulması və s.

NATO bu cür hərəkətlərə 2023-cü ildən 2025-ci ilin əvvəlinə qədər Baltik dənizində kabel zədələnmələri hallarını misal gətirir.

Rusiya bu hadisələrə birbaşa ittiham olunmasa da, NATO-nun baş katibi Mark Rutter 4 sentyabr tarixli çıxışında faktiki olaraq, bu zədələnmələrin arxasında Rusiyanın dayandığını bildirib.

2025-ci ildə NATO bu cür təhdidlərə qarşı "Baltik Mühafizəçisi" (Baltic Sentry) adlı əməliyyata start verib. Əməliyyatın məqsədi infrastrukturu müdafiə etməkdir. Bu tədbirdən sonra kabel zədələnmələri baş verməyib.

Son həftələrdə NATO ölkələrinin hava sərhədlərinin pozulması ilə bağlı insidentlərin sayı artıb. Bu hallarda Rusiya ya birbaşa iştirak edir, ya da ona qarşı şübhələr irəli sürülür.

Söhbət Rusiyaya məxsus iki onluq pilotsuz uçuş aparatının Polşaya daxil olmasından, MiQ-31 qırıcılarının Estoniya hava məkanında uçuşundan və Danimarka ilə Norveç hava limanları yaxınlığında dronların görünməsindən gedir: bu hallarda bir çoxları Rusiyanı ittiham edir.

Əgər bu dronlar və qırıcılar hərbi aparat idisə və NATO hərbçilərinin iddia etdiyi kimi dövlət sərhədlərini pozublarsa, bu hallar hibrid fəaliyyət kimi qiymətləndirilə bilər. Lakin bu hallarda təyyarələr "aqressiya" sayılacaq xətti keçmədiyindən, silah tətbiqi protokolu işə salınmayıb.

Bu vəziyyətdə "boz zona" da mövcuddur, yəni Rusiyanın niyyətini sübut etmək çox çətindir. Nəzəri olaraq, dronlar və qırıcılar səhvən başqa ölkənin hava məkanına daxil ola bilər.

Belə hallar əvvəllər də olub. Məsələn, 2005-ci ildə rus qırıcısı Baltik üzərində azaraq Litva ərazisinə düşmüşdü.

Lakin o zaman bu, tək bir insident idi və Baltik ölkələri ilə münasibətlərin gərginləşməsinə səbəb olmadı. Amma 2005-ci ildə Polşaya rus dronları daxil olmamışdı və Ukraynada genişmiqyaslı müharibə getmirdi.

NATO-nun özündə hesab edirlər ki, rus pilotlar Baltik üzərində uçuş zamanı istiqaməti müəyyən etməyi bacarırlar, ticarət donanmasının dənizçiləri isə lövbəri harada qaldırmaq lazım olduğunu bilirlər.

NATO əmindir ki, Rusiya Qərb ölkələrinə qarşı hibrid müharibə aparır.

Rusiyaya məxsus MiQ-31 təyyarəsi Estoniya hava məkanı üzərində uçub. Foto İsveçli hərbi pilot tərəfindən çəkilib.

ŞƏKLİN MƏNBƏYİ,SWEDISH ARMED FORCES/REUTERS

Şəklin alt yazısı,Rusiyaya məxsus MiQ-31 təyyarəsi Estoniya hava məkanı üzərində uçub. Foto İsveçli hərbi pilot tərəfindən çəkilib.

Polşada dronlarla bağlı insidentə cavab olaraq NATO "Eastern Sentry" ("Şərq Mühafizəçisi") əməliyyatına start verib.

Bu əməliyyat NATO ölkələrinin hava məkanını və ərazisini hibrid fəaliyyətlərdən qorumaq məqsədi daşıyır. Qırıcıların uçuşu artıq bu əməliyyat elan edildikdən sonra baş verib.

Bəzən NATO hibrid təhdidlərə qarşı mübarizədə yetərsiz qalmaqda ittiham olunur. Məsələn, Polşa və Niderland Hərbi Hava Qüvvələrinin qırıcıları dronların qarşısını almaq üçün havaya qalxıb və bir neçə dronu raketlərlə vurublar: bu raketlərin dəyəri dronların dəyərindən xeyli yüksək olub.

Rus qırıcılarının Estoniya hava məkanında 12 dəqiqəlik uçuşunun da qarşısı alınmayıb, lakin onları İtaliyanın F-35 qırıcıları müşayiət edib.

Rus MiQ-lərinin havadakı görüntülərini isə neytral hava məkanında İsveç hərbi pilotları çəkib: onlar da rus təyyarələrinin müşayiətinə qoşulublar.

Rus hərbi təyyarələrinə qarşı silah tətbiqinə dair formal əsaslar olmayıb.

Bununla belə, bu hadisədən sonra Avropa siyasətçiləri açıq şəkildə müzakirə etməyə başlayıblar: əgər rus təyyarələri NATO ölkələrinin sərhədini keçsə, onları vurmaq lazımdırmı, yoxsa yox?

4. NATO Rusiya ilə müharibə olacağı təqdirdə necə döyüşməyi planlaşdırır?

Rusiya qoşunlarının hazırda Ukraynada döyüşmə tərzini çətin ki, NATO ölkələri ilə müharibəyə tətbiq etmək mümkün olsun.

Hər iki tərəfin cəlb olunduğu mövqe müharibəsi Rusiyanın 2022-ci ilin fevral–mart aylarında Ukraynanı məğlub etmək üçün kifayət qədər qoşuna malik olmamasından qaynaqlanır.

İndi Rusiya ordusu ən yaxşı şəkildə məhz bu cür müharibədə fəaliyyət göstərməyi bacarır.

Rusiya ordusunun aşkar üstünlükləri - çoxsaylı taktiki və uzaq mənzilli zərbə dronları, kiçik piyada qruplarının işlənmiş hücum taktikası - məhz bu mövqe müharibəsi çərçivəsində formalaşıb.

NATO dəniz qüvvələri, aviasiya və dəqiq silahlarda üstünlüklərə malikdir.

ŞƏKLİN MƏNBƏYİ,PA

Şəklin alt yazısı,NATO dəniz qüvvələri, aviasiya və dəqiq silahlarda üstünlüklərə malikdir.

"Zapad-2025" təlimlərində Rusiya qoşunları manevrli müdafiəni məşq edirdilər, lakin bu təlimlər quru qoşunlarının taktikasına dair təsəvvür yaradır.

Təlimlərdə onlar sınanmış üsulları, - məsələn, motosikllərdən və zərbə FPV-dronlardan istifadəni, bunları klassik birgə qoşun döyüşü ilə - tanklar və mühəndis texnikası ilə birləşdirərək tətbiq edirdilər.

NATO ölkələrinin orduları, alyansın mətbuat xidməti tərəfindən işıqlandırılan təlimlərə əsasən, dronlardan ruslarla müqayisədə daha az istifadə etməyi planlaşdırırlar: onlar Rusiyanı onun sahəsində üstələməyə çalışmayacaqlar, əvəzində öz üstünlüklərindən istifadə edəcəklər.

Bu üstünlüklərə yüksək dəqiqliyi olan raket-artilleriya silahları, aviasiyanın geniş tətbiqi və hərbi-dəniz qüvvələrinin fəaliyyəti daxildir. Bu taktika çərçivəsində dronlar əsasən hədəfi məhv etmək üçün deyil, təminat və dəstək məqsədilə - kəşfiyyat, hədəf göstərmə, müşahidə üçün istifadə olunur.

Ukrayna müharibəsində aviasiya əsasən piyada əməliyyatlarını dəstəkləmək üçün istifadə olunsa da, Qərb ölkələrində bu, müharibə aparmaq üçün əsas vasitələrdən biridir.

NATO-nun şərq cinahındakı ümumi taktikası hücum edən düşmənin qabaqcıl hissələrinin qarşısını almaq, gücləndirmə vasitələrinin sürətli köçürülməsi və sonra əsas qüvvələrin döyüş bölgəsinə operativ şəkildə cəlb edilməsindən ibarətdir.

Bu məqsədlə səkkiz ölkədə çoxmillətli döyüş qrupları yerləşdirilib. Onlar Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Macarıstan, Slovakiya və Bolqarıstanda yerləşirlər.

5. NATO-nun döyüş qabiliyyətli ordusu varmı?

NATO-ya üzv ölkələrin milli ordularının ümumi sayı müxtəlif hesablamalara görə, orta hesabla 3,5 milyon hərbçidir (3,2 milyondan 3,8 milyona qədər). Bu rəqəmin 1,3 milyonunu ABŞ hərbçiləri təşkil edir.

Bruegel adlı tədqiqat mərkəzinin dərc etdiyi məlumatda bildirilir ki, yalnız Avropadakı NATO ölkələrinin ordularının sayı 1,47 milyon nəfərdir.

Rusiyanın rəsmi ordu heyəti 2 209 130 nəfərdir, onların yalnız 1,5 milyonu hərbçidir, qalanları isə mülki personaldır.

Hazırda Rusiya Ukraynada qanlı müharibə aparır və bu müharibədə 700 minə yaxın rus hərbçisi iştirak edir. Döyüş bölmələrindəki itkilərin daimi şəkildə doldurulmasına ehtiyac var.

Bu səbəbdən Rusiya Silahlı Qüvvələrinin sayını artırmaq çətindir, çünki müharibə yeni qüvvələri "əridir".

NATO hərbçiləri taktiki pilotsuz təyyarələrdən daha kiçik miqyasda, ilk növbədə kəşfiyyat və hədəf təyin etmək üçün istifadə edirlər.

ŞƏKLİN MƏNBƏYİ,EPA

Şəklin alt yazısı,NATO hərbçiləri taktiki pilotsuz təyyarələrdən daha kiçik miqyasda, ilk növbədə kəşfiyyat və hədəf təyin etmək üçün istifadə edirlər.

Daha bir göstərici - ehtiyat qüvvə.

Yəni orduda olmayan, lakin müharibə halında səfərbər edilə biləcək insanların sayı. Rusiyada bu, hərbi xidmətdən keçmiş bütün şəxsləri əhatə edir.

Bundan əlavə, səfərbər edilə bilən insan resursu da var: bu, müharibə halında prinsipcə orduya çağırıla biləcək insanların sayıdır. Bu göstərici yalnız əhalinin ümumi sayı ilə müəyyən olunur.

Ümumi əhali sayına əsaslanaraq, Avropadakı NATO ölkələrinin səfərbər edilə bilən resursu daha böyükdür, çünki bu ölkələrin ümumi əhalisi 550–600 milyon nəfərdir. Rusiyanın əhalisi isə təxminən 146 milyon nəfərdir.

Lakin səfərbər edilə bilən resurs o demək deyil ki, müharibə halında böyük ordu toplamaq mümkündür.

Burada çox şey əhalinin hərbi hazırlığından asılıdır.

2022-ci ilin sentyabrında, "qismən" səfərbərlikdən danışarkən, o vaxtkı Rusiya müdafiə naziri Sergey Şoyqu bunun 300 min nəfəri, yəni Rusiyanın səfərbər resursunun 1 faizini əhatə edəcəyini bildirmişdi.

Beləliklə, keçmiş nazirin sözlərinə görə, bu resurs 30 milyon nəfər təşkil edir.

2025-ci ilin aprelində Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Sırski Rusiyanın səfərbər edilə bilən resursunu 20 milyon nəfər olaraq qiymətləndirmişdi, onların yalnız beş milyonunun hərbi hazırlığı var idi.

NATO-ya yeni üzv olan İsveç və Finlandiya Rusiyanın sərhədlərində genişmiqyaslı təlimlərdə iştirak edirlər.

Finlandiya Rusiya ilə sərhədin müddətsiz bağlandığını elan edib.

Bununla yanaşı, səfərbər edilənlərin hamısını tez bir zamanda hərbi texnika və ləvazimatla təmin etmək, onlara yaşamaq və xidmət etmək üçün minimal şərait yaratmaq imkanları şübhə doğurur.

Səfərbərlik sisteminin də keçirmə qabiliyyəti var və bu, müxtəlif ölkələrdə fərqlidir.

Təxmini hesablamalara görə, Avropadakı NATO ölkələri zərurət yaranarsa, 3,8–4 milyon döyüş qabiliyyətli əsgəri silah altına ala bilər (yalnız Britaniyada 900 minə yaxın ehtiyatda olan hərbçı var), lakin bu prosesin nə qədər tez baş verəcəyi məlum deyil.

Şimali Avropa ölkələrində əhalinin hərbi hazırlığına münasibət daha ciddi səviyyədədir.

Nisbi olaraq azsaylı (24 min aktiv hərbçi) Finlandiya ordusunda, Global Firepower Index-ə görə, əhalinin sayına nisbətdə ehtiyatda olanların ən yüksək faizi müşahidə olunur: 870 min nəfər,

Finlandiya hakimiyyəti ehtiyatda olanların xidmət yaş həddini 65 yaşa qədər artırmağı planlaşdırır, nəticədə ehtiyatda olanların sayı 2031-ci ilə qədər, demək olar ki, 1 milyon nəfərə çatmalıdır.

Finlandiyada kişilər üçün məcburi hərbi xidmət mövcuddur və ölkə sürətli səfərbərlik üçün infrastrukturla təmin olunub.

tank leopard

ŞƏKLİN MƏNBƏYİ,EPA

Polşada da çoxlu ehtiyatda olan var, bu ölkə də Rusiyaya yaxın yerləşir və ordunun, eləcə də ehtiyat qüvvələrin genişləndirilməsi 2022-ci ildən - Rusiya qoşunlarının Ukraynaya hücumundan sonra fəal şəkildə başlanıb.

Ərazi müdafiə qüvvələri yaradılıb, bütün kişilər və bəzi qadın kateqoriyaları üçün 60 yaşa qədər məcburi hərbi qeydiyyat tətbiq olunub. Hazırda Polşa Silahlı Qüvvələrinin ümumi ehtiyatı 1 milyon nəfərdən çox qiymətləndirilir, onların 350 min nəfəri hərbi hazırlığa malikdir.

Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva da səfərbərlik ehtiyatı sistemini fəal şəkildə inkişaf etdirirlər.

Əsas səylər çağırışla xidmətin tədricən bərpasına, ərazi müdafiə qüvvələrinin genişləndirilməsinə və NATO ilə əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Müntəzəm təlimlər və səfərbərlik məşqləri keçirilir, məktəblərdə ilkin hərbi hazırlıq proqramları geri qaytarılıb.

Məsələn, əhalisi nisbətən az olan Latviya hakimiyyəti 2027-ci ilə qədər döyüş qabiliyyətli 50 min nəfərlik ehtiyat qüvvəsi yaratmağı hədəfləyib.

Hərbi tibb

Almaniya Silahlı Qüvvələri Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişə ehtimalına qarşı tibbi təminat planı hazırlayır və Ukraynadakı müharibənin xarakterindəki əsaslı dəyişiklikləri nəzərə alaraq, hərbi tibb işçilərinin hazırlığını gücləndirir.

Müharibəyə hazırlıq tibbi xidmətlər də daxil olmaqla geniş çeşidli xidmətlərin nəzərdən keçirilməsini əhatə edir

ŞƏKLİN MƏNBƏYİ,KLAUDIA RADECKA/NURPHOTO/GETTY IMAGES

Şəklin alt yazısı,Müharibəyə hazırlıq tibbi xidmətlər də daxil olmaqla geniş çeşidli xidmətlərin nəzərdən keçirilməsini əhatə edir

Almaniya xəstəxanaları gündə təxminən min yaralı qəbul etməyə hazırlaşır, bunu "Reuters" agentliyinə müsahibəsində Bundesverin Mərkəzi Tibb Xidmətinin rəhbəri Ralf Hoffmann bildirib. Bunun üçün yalnız Almaniyada təxminən 15 min xəstəxana çarpayısı lazım olacaq. Bu, təxmini qiymətləndirmədir, çox şey döyüşlərin intensivliyindən və iştirak edən bölmələrdən asılıdır.

Hazırda Bundesverdə təxminən 15 min tibb işçisi (yalnız həkimlər deyil, həm də orta və aşağı tibb personalı) xidmət edir, bu isə kifayət deyil. Hoffmann bildirib ki, tibb xidməti genişləndiriləcək. Bundan əlavə, yaralı hərbçilərin müalicəsi ilə məşğul olan tibb xidmətlərinin ixtisasının dəyişdirilməsi də vacibdir.

Əvvəlki müharibə münaqişələrində həkimlər, əsasən, odlu silah yaraları ilə qarşılaşırdılarsa, indi dronlar və döyüş sursatlarının səbəb olduğu partlayış travmaları və yanıqlar daha çox yayılıb, deyə Bundesverin tibb xidmətinin rəhbəri qeyd edib.

Ukraynada döyüşlərdə iştirak edənlər bildirirlər ki, yaralılara ilkin yardım göstərmək və onları təxliyə etmək çox çətindir, çünki dronlar daima ön cəbhə və yaxın arxa zonalar üzərində uçur.

Bu səbəbdən, yaralı əsgərlərin vəziyyətinin sabitləşdirilməsi - bəzən bir neçə saat ərzində - birbaşa cəbhə xəttində aparılmalıdır, deyə Hoffmann vurğulayıb.

Bu o deməkdir ki, Almaniya Silahlı Qüvvələrinin həm ön cəbhədə ilkin yardım göstərə bilən daha çox əsgərə, həm də təxliyə və dərman çatdırılması vasitələrinə ehtiyacı var.

Bundesver yaralıların arxa cəbhəyə daşınması üçün hospital qatarları və avtobuslar, eləcə də hava yolu ilə tibbi təxliyə kimi müxtəlif variantları araşdırır.

6. Bəs nüvə silahı ilə necə davranmaq lazımdır?

Rusiya ilə ABŞ arasında strateji nüvə çəkindirməsi mövcuddur: bu ölkələr arasında münaqişə başlasa, o, bütün dünyanı nüvə fəlakəti ilə hədələyəcək.

Avropada strateji nüvə qüvvələri Rusiyadan başqa Fransada və Böyük Britaniyada da var. Bu faktın özü Qərb ölkələri ilə müharibəni potensial nüvə münaqişəsinə çevirir.

Avropada taktiki nüvə silahı da mövcuddur. Bu silah Rusiyada var və o, əlavə olaraq Belarusda da yerləşdirilib.

ABŞ da buna malikdir və öz az güclü nüvə bombalarını Belçika, Niderland, İtaliya, Almaniya və Türkiyədə saxlayır.

Bu silahlar ABŞ-ın nəzarətindədir və həmin ölkələrin qoşunları onu amerikalıların icazəsi olmadan tətbiq edə bilməz, eynilə belaruslar da rus nüvə silahını tətbiq edə bilməzlər.

Bundan əlavə, Fransada da taktiki nüvə silahı ola bilər.

Taktiki nüvə silahının təhlükəsi ondadır ki, onun tətbiq həddi aşağı ola bilər, çünki gücü azdır və bu, onu daha az təhlükəli kimi göstərə bilər.

Lakin əslində Avropada artıq Rusiyaya və Belarusa qarşı özünəməxsus nüvə çəkindirmə sistemi formalaşıb. Ola bilsin ki, bu sistem münaqişənin başlanmasının və genişlənməsinin qarşısını almaqda da rol oynayacaq.

Rusiya da NATO kimi taktiki nüvə silahı ilə təlimlər keçirir. Bu şəkil 2024-cü ildə Belarusda nüvə başlığına malik Rusiyanın “İsgəndər” raket sistemini göstərir.

ŞƏKLİN MƏNBƏYİ,EPA

Şəklin alt yazısı,Rusiya da NATO kimi taktiki nüvə silahı ilə təlimlər keçirir. Bu şəkil 2024-cü ildə Belarusda nüvə başlığına malik Rusiyanın "İsgəndər" raket sistemini göstərir.

7. Avropa ABŞ-a güvənə bilərmi?

Soyuq müharibə dövründə NATO ölkələrinin Avropadakı təhlükəsizliyi əsasən ABŞ tərəfindən təmin edilirdi. Bu, həm ABŞ silahlarının tədarükünə - bu silahlar hələ də Avropa ölkələrinin idxalında mühüm yer tutur, - həm də amerikalı hərbçilərin Avropadakı mövcudluğuna aid idi.

Donald Trump administrasiyası hakimiyyətə gəldikdən sonra bu vəziyyət dəyişdi: ABŞ Avropa qitəsinin müdafiəçisi rolundan uzaqlaşdığını bəyan etdi və müttəfiqlərə öz təhlükəsizliklərini özlərinin təmin etməsini təklif etdi.

ABŞ hələ də NATO üzvüdür və Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi hələ də qüvvədədir. Amerikalı hərbçilər Avropa əsgərləri ilə birgə təlimlərdə iştirak etməyə davam edirlər.

Lakin bir çox Avropa liderləri ABŞ-ın gələcək roluna skeptik yanaşırlar.

Polşanın Baş naziri Donald Tusk sosial şəbəkə X-də yazıb:

"Prezident Trump bəyan etdi ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün ərazisini geri qaytara bilər. Bu təəccüblü optimizmin arxasında ABŞ-ın iştirakının azaldılması və müharibənin dayandırılması məsuliyyətinin Avropaya ötürülməsi vədi dayanır. Həqiqət illüziyadan yaxşıdır".

Halbuki Polşa ABŞ ilə intensiv hərbi-texniki əməkdaşlıq edən ölkələrdən biridir. Bəs digər ölkələr necə?

Bununla yanaşı, ABŞ ilə tərəfdaşlıq və müttəfiqlik münasibətlərindən imtina etmədən, Avropa həm NATO çərçivəsində, həm də Aİ daxilində öz təhlükəsizliyi ilə bağlı vahid mövqe və siyasət formalaşdırmağa çalışır.

ABŞ tankı

ŞƏKLİN MƏNBƏYİ,EPA

Şəklin alt yazısı,Böyük bir müharibə olacağı təqdirdə Avropa ABŞ-a tam arxalana bilərmi? Amerikalıların qitədə bir çox hərbi təlimlərdə iştirak etməsinə baxmayaraq, avropalılar 100 faiz əmin deyillər.

8. Avropa iqtisadiyyatı müharibəyə hazırdırmı?

SSRİ-nin dağılmasından sonra Avropadakı NATO ölkələri müdafiə xərclərini azaltdılar, bu da zamanla milli orduların döyüş qabiliyyətinin ciddi şəkildə zəifləməsinə səbəb oldu.

NATO ölkələrinin iqtisadi gücü Rusiyadan dəfələrlə böyük olsa da, bu ölkələrin HSK-si Rusiya Ukraynaya hücum edərkən hələ də "sülh dövrü" istehsalına yönəlmişdi və indi texnoloji yenilənməyə, həm özəl, həm də dövlət investisiyalarına ehtiyac duyur.

İqtisadiyyat və sənaye məsələlərində isə NATO çərçivəsində deyil, Avropa İttifaqı çərçivəsində görülən tədbirlər daha aktualdır.

Avropa ölkələrinə silah tədarükü, planlaşdırma, investisiya siyasəti sahəsində kollektiv yanaşma lazımdır. Onlar öz qanunvericiliklərini uyğunlaşdırmalıdırlar, çünki bu qanunlar kollektiv müdafiə təşkilatını xaosa çevirə bilər.

Avropa artıq bu istiqamətlər üzrə irəliləyir.

2025-ci ildə müdafiə xərcləri 381 milyard avroya çatacaq.

2024-cü ildə bu rəqəm 343 milyard avro idi.

2025-ci ildə HSK-yə yatırımlar təxminən 130 milyard avro təşkil edəcək.

Gözlənilir ki, 2025-ci ildə Aİ ölkələrinin hərbi xərcləri ÜDM-in təxminən 2,1 faizinə çatacaq. Bu, NATO-nun 2035-ci ilə qədər hədəflədiyi 5 faizdən xeyli azdır.

9. Avropa hərbi-sənaye kompleksi müharibəyə hazırdırmı?

NATO baş katibinin əməliyyatlar üzrə köməkçisi Tom Goffus yaxınlarda bildirib:

"Biz transatlantik hərbi-sənaye bazamıza silahları lazım olan temp və miqyasda istehsal etmək üçün fəlakətli şəkildə az investisiya yatırırıq. Rusiya, iqtisadiyyatı NATO iqtisadiyyatının cəmi 5 faizi qədər olan bir ölkə, üç ay ərzində bir çox kritik sursatlar istehsal edir, halbuki 32 müttəfiqə bunun üçün bir il lazımdır".

Bununla belə, Avropada yeni hərbi istehsal güclərinin yaradılması tam sürətlə davam edir. Hazırda əsas diqqət xarici tədarükdən, xüsusilə Asiya və ABŞ-dan asılılığın azaldılmasına yönəlib: sursat, partlayıcı maddələr, artilleriya və hava hücumundan müdafiə sistemləri istehsalı üzrə zavodlar tikilir.

Yeni istehsal sahələrinə ən çox investisiya yatıran lider şirkət Almaniyanın Rheinmetall şirkətidir. Bu şirkət Latviya, Litva və Almaniyada iri artilleriya sursatı zavodları tikir: bu zavodlar 1–2 il ərzində fəaliyyətə başlayacaq.

Avropa raket sistemləri istehsalçısı MBDA Almaniyada Patriot da daxil olmaqla HHM sistemlərinin istehsalını genişləndirir.

İsveçin Sweden Ballistics (Swebal) şirkəti partlayıcı maddələr istehsalı üzrə yeni fabrik tikir. Burda 2027-ci ilin sonuna qədər ildə 4 min ton istehsal planlaşdırılır.

Polşanın Lucznik silah zavodu istehsal həcmini sürətlə artırır və yaxın zamanda ildə 100 min Grot hücum tüfəngi istehsal etməyi planlaşdırır.

Amma Ukraynadakı müharibənin göstərdiyi kimi, hərbi əməliyyatların xarakteri daim dəyişir və əvvəllər belə miqdarda istifadə olunmayan silahlar yaranır ki, bu da müharibə edən tərəfləri kütləvi şəkildə müvafiq əks tədbirlər görməyə vadar edir.

NATO ölkələri eyni sinifdən çoxlu sayda müxtəlif sistemlər istehsal edir və bu, həm təchizat, həm də istehsal üçün böyük problemdir

ŞƏKLİN MƏNBƏYİ,EPA

Şəklin alt yazısı,NATO ölkələri eyni sinifdən çoxlu sayda müxtəlif sistemlər istehsal edir və bu, həm təchizat, həm də istehsal üçün böyük problemdir.

Rus ordusunun kiçik piyada və motorizə olunmuş qruplarla döyüş taktikasına keçməsi effektiv antipiyada maneələrin yaradılması məsələsini gündəmə gətirir.

Bu baxımdan, "Ottava sazişindən" (antipiyada minalarını qadağan edən beynəlxalq razılaşma) çıxmaq və ya çıxma proseduruna başlamaq Rusiyayla sərhədi olan altı ölkə üçün (Finlandiya, Estoniya, Latviya, Litva, Polşa və Ukrayna) məntiqli addım kimi görünür.

Yaxınlarda iyirmidən çox rus dronunun Polşaya daxil olması Avropanın hava hücumundan müdafiə sistemlərinin effektivliyinin aşağı olduğunu göstərdi. Bu sistemlər əsasən ənənəvi təhdidlərə - pilotlu döyüş aviasiyası, qanadlı və ballistik raketlərə qarşı yönəldilib.

NATO baş katibi Mark Rutte "Bloomberg"ə müsahibəsində bildirib:

"Daim min–iki min dollarlıq dronları yarım milyon və ya bir milyon dollarlıq raketlərlə vurmaq mümkün deyil… Hamımız texnologiyaları sürətlə inkişaf etdiririk və ukraynalılardan öyrənirik".

Nəşrin redaktorunun "NATO-nun lazım olan avadanlıq çatışmazlığı varmı?" sualına Rutte cavab verib:

"Qısamüddətli perspektivdə - bəli".

10. Hazırda vəziyyət nə qədər pisdir?

Hazırda genişmiqyaslı münaqişə riski aşağı hesab olunur.

Ukraynada Rusiya qoşunları hər həftə müəyyən əraziləri ələ keçirsə də, bu irəliləyiş əhəmiyyətli sayılmır.

Bu cür irəliləyiş böyük səylər tələb edir və Rusiyaya ciddi itkilərə başa gəlir.

BBC-nin Rusca xidməti tərəfindən aparılan hesablamalara görə, 2024-cü ilin sentyabrına qədər Ukrayna müharibəsində 128 115 rusiyalı həlak olub. Bu, rəsmi şəkildə təsdiqlənmiş rəqəmdir, amma əsl itkilər ən azı iki dəfə çox ola bilər.

Rusiya vəziyyəti dəyişə bilmir, çünki 700 minlik qoşun qrupu ona operativ səviyyədə hücum etməyə imkan vermir, yəni cəbhədə böyük bir yarıq yaradıb ora kütləvi qoşun yeritmək və qısa müddətdə əhəmiyyətli ərazi ələ keçirmək mümkün deyil.

Rusiya Ukraynada müharibəni davam etdirib, eyni zamanda yeni müharibəyə başlaya bilməz. Üstəlik, Rusiyanın hibrid fəaliyyətləri bir çox şərhçilər tərəfindən əsl müharibədə uğursuzluğun əlaməti kimi qiymətləndirilir.

Belə və ya elə, müxtəlif ekspertlərin fikrincə, Rusiyaya Avropaya hücum üçün kifayət qədər qoşun toplamaq bir neçə il vaxt aparacaq.

Birbaşa hazırlıq necə görünə bilər?

Ən azı, bu, sərhəddə böyük qüvvələrin cəmləşdirilməsini tələb edəcək.

Rusiya Ukraynaya hücum hazırlıqlarına 2021-ci ilin yazında başlamışdı. Aprelin əvvəlində bu o qədər açıq idi ki, mətbuatda artıq sual qoyulurdu:

"Yeni müharibə gözlənilirmi?"

Ona görə də, əgər gələcəkdə real hücum hazırlığı başlasa, jurnalistlər bu barədə hücumdan xeyli əvvəl yazmağa başlayacaqlar və bu, Ukrayna müharibəsi başa çatdıqdan bir neçə il sonra baş verə bilər.

Pavel Aksenov, İlya Abişev, BBC hərbi müşahidəçiləri

visiontv.az