Hakan Fidan ABŞ və Suriyadan olan həmkarları ilə üçtərəfli görüş keçirəcək
15.05.2025

Suriyadakı yeni dönəmlə bağlı da bu gün həmkarlarımla müzakirə apardıq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada NATO XİN rəhbərlərinin qeyri-formal görüşündən sonra brifinqdə deyib.

Nazir bildirib ki, Suriyanın qarşı-qarşıya olduğu problemləri həll etməsi üçün ortaq səylər lazımdır: “Suriyanın təhlükəsizliyi və əmin-amanlığı öncəlik təşkil edir. Buna nail olunmaması qlobal səviyyədə problemlər meydana çıxaracaq. Ölkənin yenidən bərpası üçün ortaq dəstək verilməlidir. Suriyanın beynəlxalq topluma inteqrasiyası üçün Türkiyə olaraq çalışmağa davam edirik. Hazırkı mərhələdə bu çalışmaların nəticə verdiyini görməkdən məmnunuq. Dünən Ər-Riyadda Suriya keçid dövrü Prezidenti ilə ABŞ Prezidenti görüşdü. Bu Suriyaya qarşı sanksiyaların ləğvi üçün mühüm addım idi. Bu gün də ABŞ və Suriya xarici işlər nazirləri ilə üçtərəfli görüş keçirəcəyik”.