İranın “Əfraz” Assosiasiyasının Tarix üzrə İşçi Qrupunun katibi Əlirza Əfşari “Miras Arya” saytına verdiyi müsahibədə İran və Azərbaycan arasında mövcud olan tarixi və mədəni münasibətlərin əhəmiyyətinə toxunub.
O, Azərbaycanın coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi və İranla ortaq dini-mədəni dəyərləri baxımından bölgədə İran üçün mühüm tərəfdaş olduğunu vurğulayıb.
Əfşari bildirib ki, bu xüsusiyyətlərinə görə Azərbaycan, İran üçün strateji əhəmiyyət daşıyan ölkələrdən biri hesab olunur. Onun sözlərinə görə, iki ölkə arasında mədəni strukturların qarşılıqlı fəaliyyəti bu münasibətlərin dərinləşməsində mühüm rol oynayıb.
Eyni zamanda, o, “İran və Azərbaycan Respublikası arasında tarixi-mədəni əlaqələrin araşdırılması” mövzusunda yaxın günlərdə xüsusi toplantı keçiriləcəyini açıqlayıb. Görüş, İran sivilizasiyasını daha dərindən anlamaq və mədəni əlaqələri möhkəmləndirmək məqsədi daşıyır.
Tədqiqatçının sözlərinə əsasən, İranla ortaq mədəniyyətə malik olan 30-a yaxın ölkə arasında Azərbaycan öz tarixi yaxınlığı və müştərək irsi ilə seçilir. O, vurğulayıb ki, Tehran və Bakı “eyni bədənin hissələri” kimi minilliklərə dayanan dostluq və qarşılıqlı maraqları paylaşır. Bu baxımdan, iki ölkə arasında əlaqələrin bərpası və inkişafı üçün geniş və perspektivli imkanlar mövcuddur.
visiontv.az